Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Xızı rayonu, Giləzi qəsəbəsi ərazisində 1 ədəd əl qumbarasının tapılması barədə məlumat daxil olub.
ANAM-dan "millimeclis.info"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Daxili İşlər Nazirliyinin Xızı rayon Polis Şöbəsinin və Mərkəzi Xəstəxanasının əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd F-1 əl qumbarası aşkar olunub, ətrafında 500 kv.m əraziyə yerüstü, 100 kv.m əraziyə isə yeraltı baxış zamanı əlavə olaraq 2 ədəd F-1 əl qumbarası və 10 ədəd UZRQM partladıcısı tapılaraq zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.