Daxili İşlər Nazirliyinin "102" Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonu, Çaylı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan "millimeclis.info"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat və partladıcı axtaran xüsusi təlim keçmiş itlərdən ibarət kinoloji qrupları, Qazax Rayon Polis Şöbəsinin və Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (TTTYS) Qazax Regional Məntəqəsinin əməkdaşları əraziyə göndərilib və birlikdə baxış keçirilib.
Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 85 mm-lik top mərmisi (O-365) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 60 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.