Prezidenti İlham Əliyev Binəqədi rayonunun Xocasən qəsəbəsində şəhid ailələri və müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak edib. Dövlətimizin başçısı şəhid ailələri və müharibə əlilləri ilə görüşüb.
Prezident çıxışı zamanı bir sıra vacib məsələni qeyd edib:
“Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf bizik, Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Əgər kimsə, mən ordan-burdan eşidirəm, yenə də başlayıb ki, məsələ öz həllini tapmalıdır, bu münaqişə həll olunmayıb. Çox yanlış və təhlükəli yoldadırlar. Əgər həll olunmayıbsa, onda qoy bizə izahat versinlər, necə həll olunmalıdır. Biz hesab edirik ki, bu, həll olunub, artıq müharibə dövrü arxada qalıb. Amma buna baxmayaraq, biz müharibəyə hər an hazırıq və hazır olmalıyıq”.
Mövzu barədə “Sherg.az”a danışan AĞ Partiya başqanı Tural Abbaslınn sözlərinə görə, ölkə başçısı yalnız dünən yox, əvvəllər də dəfələrlə söyləmişdi ki, artıq Azərbaycan üçün Qarabağ problemi yoxdur:
“Bu, daha çox siyasi anlamda deyilən ifadədir. Yəni artıq Qarabağın taleyi, statusu və yaxud hansısa muxtariyyət məsələlərindən söhbət gedə bilməz, bu məsələ bizim üçün bitib. Hələlik rus sülhməramlılarının yerləşdiyi ərazilərdə Azərbaycanın suverenliyinin təmin olunması istiqamətində işlər gedir.
Bunun özü belə Azərbaycanın ərazi bütövlüyünü inkar etmir və artıq heç bir tərəf bu məsələni müzakirələndirə bilməz. İstər Rusiya, istər Fransa, istər Amerika ya ayrı-ayrılıqda, ya da Minsk qrupunun həmsədrləri çərçivəsində bu məsələni yenidən müzakirələndirmək və ölkəmizi yenidən bu prosesə cəlb edərək öz maraqlarını təmin etmək istiqamətində addım atırlar.
Zaman-zaman isə dövlətimiz istər iqtidar, istərsə də müxalifət səviyyəsində məsələyə konkret mövqe bildirib. Bizim üçün məsələ qapanıb, 44 günlük Vətən müharibəsi aparmışıq və qələbə qazanmışıq”.
T.Abbaslı qeyd edib ki, ölkə başçısı çıxışında həm Rusiya, Amerika və Fransa, həm də digər erməni himayədarlarına mesaj verir:
“İstər ermənilər, istərsə də onların himayədarları Azərbaycanın qətiyyətini görməlidirlər. Heç bir statusdan, Azərbaycan ərazisində heç bir rayonun muxtariyyətindən və əlavə imtiyazından söhbət gedə bilməz. Vətəndaşlarımız tezliklə Xankəndi, Xocalı və Xocavəndə qayıdacaqlar və orada Azərbaycanın suverenliyi bərpa olunacaq. Qısa müddət ərzində Rusiya sülhməramlılarının çıxarılması işinə başlanılmalıdır. 5 il belə gözləmək lazım deyil. Biz artıq tarixi torpaqlarımız olan Qərbi Zəngəzur məsələsini qaldırmalıyıq. Maraqlarımıza uyğun olan yeganə mövqe də budur”.