
Azərbaycan Dillər Universitetinin qalmaqalla işdən çıxarılan dekanı Vüsalə Ağabəyli ali məktəbin rektoru, akademik Kamal Abdullanı Məhkəməyə verib.
BakuPost xəbər verir ki, keçmiş dekanın iddiası əsasında Nəsimi Rayon Məhkəməsində dünən iclas keçirilib.Hakim Rəşid Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə Kamal Abdullanın vəkili Azad Məmmədov prosesin Nərimanov Rayon Məhkəməsinə keçirilməsi üçün vəsatət qaldırıb, lakin vəsatət qəbul olunmayıb. Məhkəmə 20 sentyabr 2019-cu il tarixinədək təxirə salınıb.
Prosesdən sonra sabiq dekan jurnalistlərə açıqlamasında bildirib ki, Kamal Abdulla məsuliyyəti ö üzərindən atmaq üçün cavabdeh qismində Təhsil Nazirliyini göstərir: “Əgər Kamal Abdulla cavabdeh şəxs qismində Təhsil Nazirliyini görmək istəyirsə, belə çıxır ki, 70 ç maddəsi ilə verdiyi xitam əmrində, töhmət əmrlərində, maaşımın kəsilməsində və s. indiyə qədər mənə etdiyi təzyiqlərdə Təhsil Nazirliyini özü ilə ortaq və günahkar hesab edir. Belədirsə, buyursun, Ceyhun Bayramov rektor Kamal Abdullaya və ali təhsil ocağında bizim başımıza gətirilənlərə gecikmiş münasibətini bildirsin.

Əgər konstitusiyanın, əmək məcəlləsinin müvafiq maddələrinə, təhsil haqqında əsasnamələrə uyğun davranmırsa Kamal Abdulla, onda bu konstitusiya, əmək məcəlləsi yalnız mənimkimilər üçündür? Kim verəcək bizim haqqımızı, kim müdafiə edəcək bizi? Niyə göz yumulur rəsmi orqanlarda? Nəyi gözləyirsiniz?”